BAKI, 6 aprel. TELEQRAF

“Silahlı Qüvvələrimiz ABŞ-nin İranın enerji infrastrukturuna hücumuna sarsıdıcı cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında deyib.

“Bu cür təhdid əslində müharibə cinayətləri və soyqırımını qanuniləşdirmək cəhdidir. Əgər bu, həyata keçirilərsə, İran İslam Respublikası Silahlı Qüvvələri qətiyyətli və genişmiqyaslı cavab verəcək”, - Əraqçi qeyd edib.

O iddia edib ki, İranın enerji infrastrukturuna hücum bütün qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olacaq:

“Belə bir vəziyyətin nəticələri yalnız İran və regionla məhdudlaşmayacaq, qlobal enerji və iqtisadiyyata dağıdıcı təsir göstərəcək. Buna görə ancaq təcavüzkarlar məsuliyyət daşıyacaqlar”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana aprelin 7-dək vaxt verib. Amerika lideri bu müddətdə boğazın açılmayacağı təqdirdə İranın mühüm enerji obyektləri və körpülərinin vurulacağını bəyan edib.