BAKI, 24 mart. TELEQRAF
Hörmüz boğazının bağlı qalması Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somali də daxil olmaqla, aclıqdan əziyyət çəkən ölkələrdə vəziyyəti daha da pisləşdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Layihə Xidmətləri Ofisinin icraçı direktoru Xorxe Moreyra da Silva məlumat verib.
BMT rəsmisinin sözlərinə görə, Yaxın Şərqdəki gərginliyin nəticələri münaqişədən təsirlənən ölkələrin sərhədlərindən çox kənara çıxır. O hesab edir ki, Hörmüz boğazının bağlanmasının ən ciddi nəticələrini Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələri hiss edəcək.
“Hörmüz boğazında fəaliyyətin pozulması enerji resurslarının tədarükünü təhlükə altına qoyur. Bu isə gübrə bazarına təsir edir, aclıq və ya ərzaq qeyri-sabitliyi səviyyəsinin yüksək olduğu ölkələrdə ərzaq təhlükəsizliyinə təhdid yaradır, bura xüsusən də Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somali daxildir”, - BMT nümayəndəsi qeyd edib.
Da Silva əlavə edib ki, bir il ərzində dünyada aclıqdan əziyyət çəkən insanların sayı on milyonlarla artacaq.