BAKI, 10 mart. TELEQRAF
“Ermənistanın radikal müxalifəti xarici xüsusi xidmət orqanlarından dəstək alır, çünki uzun müddətdir həmin xidmətlər tərəfindən idarə olunur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib.
“Xarici xüsusi xidmət orqanlarının Ermənistanda keçiriləcək seçkilərə müdaxiləsinin məqsədi ölkəni quberniyaya çevirməkdir və bu işdə onlara Robert Köçəryan və onu dəstəkləyən oliqarxlar kömək edəcəklər.
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, xarici xüsusi xidmət orqanları həmin ölkədə erməniəsilli və Ermənistan vətəndaşı olan sahibkarlara təzyiq göstərir ki, parlament seçkilərində iştirak etmək üçün bəzi siyasi qüvvələrə maliyyə və təşkilati dəstək göstərsinlər”, - o bildirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.