BAKI, 3 mart. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan İran tərəfindən ərazilərinə zərbələr endirilən ərəb ölkələrinin Tehranla bağlı cavab tədbirləri nəzərdən keçirə biləcəklərini istisna etmir.
Teleqraf xəbər verir ki, o, artıq müəyyən addımların atıla biləcəyini bildirib.
“Əlbəttə, bunu rəsmi şəkildə bəyan etmirlər, amma bölgə ölkələrinin İran əleyhinə cavab tədbirləri gördüyünə dair bəzi iddialar var. Biz də oxşar bəyanatlar eşidirik. Bu, ola bilər”, - Fidan vurğulayıb.
Xarici işlər naziri İrana qarşı hücumların Türkiyəyə yönəlmə ehtimalı olub-olmaması sualına birbaşa cavab verməyib: “İran problemini kənara qoysaq, Türkiyə həmişə özünü qoruyacaq. Buna həm iradəsi, həm də imkanları var”.
İranın Cənubi Kipr və oradakı Böyük Britaniya hərbi bazalarına zərbələrini şərh edən Hakan Fidan vurğulayıb ki, hazırda Şimali Kipr üçün ciddi risklərin olduğunu düşünmür:
“Həmçinin hesab edirəm ki, Cənubi Kipr üçün də risk məhduddur. Oradakı mülki obyektlər üçün təhlükələrin az olduğunu düşünürəm”.