BAKI, 24 fevral. TELEQRAF
İranın İsfahan əyalətində orduya məxsus helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
İsfahan əyalətinin Fövqəladə Hallar İdarəsinin rəisi Mənsur Şişə Foruş bildirib ki, hadisə bu gün səhər saatlarında texniki nasazlıq səbəbindən baş verib:
"İran ordusuna məxsus helikopter İsfahan yaxınlığında qəzaya uğrayıb. Təəssüflər olsun ki, qəza nəticəsində pilot və ikinci pilot həlak olub. Hadisə zamanı bazarda olan iki nəfər də həyatını itirib".
Hazırda hadisə yerində xilasetmə qüvvələri işləyir, qəzanın təfərrüatları araşdırılır.
***
10:47
İranın İsfahan əyalətində orduya məxsus helikopter qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, hadisə əyalətin Dorçe bölgəsində yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında qeydə alınıb. Qəzadan dərhal sonra əraziyə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub.
Xilasedicilər hadisə yerində baş verən yanğını nəzarətə götürə biliblər.
Hələlik qəzanın başvermə səbəbləri, eləcə də ölən və yaralananlar barədə rəsmi məlumat açıqlanmayıb.