BAKI, 19 fevral. TELEQRAF

İsrail ABŞ ilə İrana qarşı birgə hərbi əməliyyata hazırlaşır və əməliyyatın hədəfləri arasında ballistik raket mərkəzləri, nüvə obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Qərargahı ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İsrail hərbi rəsmilərinə istinadla məlumat yayıb.

Rəsmilər bildiriblər ki, ABŞ və İsrail İranı nüvə sazişi ilə bağlı danışıqlar masasında güzəştə getməyə məcbur etmək üçün bir neçə gün ərzində sərt zərbə endirməyi planlaşdırır. Tehranın indiyədək bu sazişi rədd etdiyi qeyd olunub.

Nəşrin yazdığına görə, ABŞ ordusunun Yaxın Şərqdəki hərbi qüvvələri ballistik raketlər, sursat anbarları, nüvə obyektləri və SEPAH-ın Baş Qərargahı kimi hərbi hədəflər də daxil olmaqla, çoxsaylı hədəflərə zərbələr endirməyə imkan verir.

Nəşrin Amerika mənbələri əlavə ediblər ki, əməliyyat üçün son qərar ABŞ Prezidenti Donald Trampa aiddir.