BAKI, 19 fevral. TELEQRAF
ABŞ İranın siyasi-hərbi liderləri, nüvə obyektlər və ballistik raketlərini hədəfə almaq üçün müxtəlif variantları nəzərdən keçirir. Bu proses ABŞ-nin 2003-cü ildə İraqa hücumdan bəri Yaxın Şərqdə ən böyük hava qüvvələri yerləşdirməsini tamamladığı vaxta təsadüf edir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ və xarici rəsmilərin nəşrə dediklərinə görə, Prezident Donald Trampa təqdim olunan variantlar İran rejimini devirmək məqsədilə liderlərin öldürülməsini hədəfləyən genişmiqyaslı əməliyyatlardan tutmuş, əsas diqqəti nüvə və raket hədəflərinə yönəldən daha məhdud hava əməliyyatına qədər geniş diapazonu əhatə edir.
İran ətrafında hərbi yerləşdirməyə F-35 və F-22 qırıcıları, komanda və nəzarət üçün əlavə təyyarələr, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və ikinci aviadaşıyıcının bölgəyə göndərilməsi daxildir. Rəsmilərin sözlərinə görə, bu vəziyyət bir neçə həftə davam edə bilən dayanıqlı hərbi kampaniyanın aparılmasına imkan yaradır.
Qeyd olunur ki, hər iki ssenari bir neçə həftəlik əməliyyat tələb edəcək. Bu isə bölgədə ABŞ silahlı qüvvələrinin mövcud miqyası və hazırlıq səviyyəsini göstərir.