BAKI, 17 fevral. TELEQRAF
İran uranın zənginləşdirməsini üç il müddətinə dayandırmağı, artıq zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini xaricə göndərməyi və nüvə danışıqlarını irəli aparmaq üçün ABŞ ilə ticarət razılaşmaları imzalamağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, bu təkliflər ABŞ Prezidenti Donald Trampın əsas tələblərindən birini - uranın zənginləşdirilməsinin tam dayandırılmasını əhatə etmir.
Qəzet qeyd edib ki, İran uran ehtiyatlarının bir hissəsini Rusiya kimi xarici ölkələrə göndərməyə və sanksiyaların aradan qaldırılması halında ABŞ ilə neft, qaz, mədənçilik və aviasiya sahələrində mümkün əməkdaşlıq barədə danışıqlara hazırdır.
ABŞ rəsmiləri sanksiyaların azaldılmasının detalları barədə açıqlama verməyiblər və hazırda Vaşinqtonda genişmiqyaslı sanksiyaların ləğvi gündəlikdə deyil.
Xatırladaq ki, ABŞ-İran danışıqlarının ikinci raundu bu gün Cenevrədə keçirilib.