BAKI, 13 fevral. TELEQRAF
İran rejiminə məxsus televizya ölümlə hədələnən İsrail Baş naziri Benyamin Netanyahu da daxil olmaqla, ölkənin yeddi yüksək vəzifəli rəsmisinin siyahısını yayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Kanal İsrail Baş naziri Benyamin Netanyahu, MOSSAD rəhbəri David Barnea, müdafiə naziri İsrael Kats, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eyal Zamir, Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Şlomi Binder və Müdafiə Qüvvələrinin Əməliyyatlar İdarəsinin rəisi Yitzak Koxenin şəkillərini hədəf işarəsi ilə yayımlayıb.
“Times of Israel” İran televiziyasının aparıcısından sitat gətirib:
“Ölüm vaxtınızı təyin edəcəyik, əbabilləri gözləyin”.
Nəşrin fikrincə, burada “əbabil” ifadəsi İran istehsalı PUA-lara işarədir.
Qeyd edilib ki, bu, İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında danışıqların aparıldığı vaxtda baş verib. Nəşr yazıb ki, ABŞ və İran diplomatları keçən həftə Omanda dolayı danışıqlar aparsalar da, gərginlik yüksələn xətt üzrə davam edir. ABŞ Prezidenti Donald Tramp da bir daha xəbərdarlıq edib ki, razılaşma əldə olunmasa, İran üçün vəziyyət çox ağrılı olacaq.
İsrail Ordusu bu inkişaflara cavab olaraq, sosial mediada fars dilində mesaj yayaraq, iranlıları MOSSAD-la istənilən əməkdaşlıq üçün rəsmi kanallar vasitəsilə əlaqə saxlamağa çağırıb.