BAKI, 13 fevral. TELEQRAF
Türkiyənin keçmiş baş naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) “Yeni Yol” parlament fraksiyasında təmsil olunan partiyalardan millət vəkillərini transfer etməsinə təpki göstərib.
Teleqraf xəbər verir ki, o, CHP-nin bu addımlarına görə tarix qarşısında cavab verəcəyini bildirib.
“Millət vəkili transferində hakimiyyəti tənqid et, sonra bunu özün elə. DEVA Partiyasından da, bizdən də transfer etdilər. Heç narahat olmayın, “Yeni Yol” fraksiyası fəaliyyətini davam etdirəcək. İstefa verən uduzacaq. Mən millət vəkillərimizə güvənirəm. Çox böyük təzyiqlər olduğunu bilirəm. Hələ də transfer danışıqları aparırlar.
Hər kəs həddini, yerini bilməlidir. CHP nə vaxt 48 faiz görüb, nə vaxt 30 faizi keçib? CHP olaraq nə etmək istəyirsiniz? Əgər “Yeni Yol” aradan çıxsın, biz iki qütb - AKP və CHP olaraq mübarizə aparaq” deyirsinizsə, yolunuz açıq olsun. “Yeni Yol”u dağıdanlar tarix qarşısında cavab verəcəklər”, - Davudoğlu vurğulayıb.