BAKI, 12 fevral. TELEQRAF

“ABŞ-nin İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəli sürdüyü həddindən artıq tələblər danışıqların pozulması və Yaxın Şərqdə müharibənin yeni mərhələsinə səbəb ola bilər”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Vaşinqton bütün məsələlərin eyni vaxtda həllində israr edərsə, xüsusilə Tehranın ballistik raket proqramından imtina etməsi və Yaxın Şərqdəki proksi qüvvələrinə verdiyi dəstəyi dayandırmasını tələb edərsə, nüvə proqramı ilə bağlı razılaşma irəli aparıla bilməz, nəticədə regionda növbəti müharibə başlaya bilər”, - o vurğulayıb.

Hakan Fidan həmçinin qeyd edib ki, ABŞ və İran nüvə sazişi ilə bağlı kompromislərə hazırdır, Vaşinqton Tehranın uranın zənginləşdirilməsi proqramından tamamilə imtina etməsi tələbindən geri çəkilə bilər.

“Müsbət məqam ondan ibarətdir ki, amerikalılar İranda uranın dəqiq müəyyən olunmuş çərçivələrdə zənginləşdirilməsinə icazə verməyə hazırdırlar. İranlılar da amerikalılarla razılaşmaya gəlməli olduqlarını dərk edirlər, amerikalılar isə anlayırlar ki, iranlıların da öz qırmızı xətləri var”.