BAKI, 2 fevral. TELEQRAF
İsrailin hərbi rəhbərliyi Vaşinqtonda ABŞ-nin Baş Qərargahı ilə intensiv danışıqlar aparıb. Bu görüşlər təhlükəsizlik koordinasiyası çərçivəsində keçirilib və İrana mümkün hücumun nəticələrini müəyyən etməyə yönəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Maariv” qəzeti İsrailin hərbi-siyasi rəsmilərinə istinadla bildirib.
İsrail nümayəndə heyətinə Baş Qərargah rəisi Eyal Zamir rəhbərlik edib. o, Vaşinqtonda amerikalı həmkarı Den Keynlə görüşüb.
Nəşr yazıb ki, Təl-Əviv görüşlər zamanı İrana hərbi zərbə endirməyin və ya bundan çəkinməyin nəticələrini izah edib, son kəşfiyyat məlumatlarını təqdim edib.
“Maariv”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürüb:
- Təxminən 400 kq zənginləşdirilmiş uranın təhvil verilməsi
- Nüvə proqramının ləğvi
- Balistik raket proqramının ləğvi
- Raket proqramının dayandırılması
- Yəmən, İraq, Suriya və Livanda proksi qüvvələrə dəstəyin dayandırılması.
İsrail tərəfinin fikrincə, İran bu tələbləri həm birlikdə, həm də ayrıca müzakirə etməyə hazır deyil və hazırkı mərhələ prosesi uzatma taktikası ilə xarakterizə olunur.
ABŞ-nin isə iki seçimi var: ya hərbi qarşıdurmaya getmək, ya da geri çəkilərək təhlükəni yalnız “nəzəri eskalasiya”ya çevirmək.
İsrail xəbərdarlıq edib ki, ABŞ-nin son anda geri çəkilməsi Yaxın Şərqdə daha təhlükəli vəziyyət yarada, Tehran və proksilərini gücləndirə və İranı qlobal terrorun əsas mənbəyi kimi möhkəmləndirə bilər.
Nəşr sonda vurğulayır ki, İsrail hazırkı mərhələni güc balansını yenidən formalaşdırmaq üçün qırılma nöqtəsi hesab edir, son səfər də ABŞ-nin qərarına təsir göstərmək məqsədi daşıyır.