BAKI, 11 yanvar. TELEQRAF

İranda hökumət qüvvələrinin sərt müdaxiləsinə və son üç gündə yüzlərlə insanın öldürülməsi və ya yaralanması barədə məlumatlara baxmayaraq, etirazçılar küçələri tərk etmirlər.

Teleqraf xəbər verir ki, ötən gün ölkə daxilində aksiyalar daha da şiddətlənib.

BBC-nin əldə etdiyi təsdiqlənmiş video görüntülər və şahid ifadələri hökumətin etirazlara cavab tədbirlərini sərtləşdirdiyini və ölkədə internet blokadasının davam etdiyini göstərir.

BBC-yə danışan tibb işçiləri xəstəxanaların yaralı və ölənlərlə dolduğunu bildiriblər. Rəşt şəhərindəki bir xəstəxanaya cümə axşamı 70 meyitin gətirildiyi təsdiqlənib. Tehran xəstəxanalarından birində isə tibb işçisi təxminən 38 nəfərin öldüyünü qeyd edib.

Hökumətin cümə axşamından bəri tətbiq etdiyi internet blokadası məlumat mübadiləsini çətinləşdirsə də, bəzi görüntülər üzə çıxıb.

Şənbə günü paytaxtın Gişa rayonunda etirazçılar küçələri ələ keçirib. Qərbi Tehranda, Punak meydanında böyük bir qrup qazan və tavaları döyəcləyərək səs-küylü aksiyalar keçirib.

Ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar qeydə alınıb. Videolarda yanan avtobus, zibil qutularının arxasında gizlənən maskalı gənclər və atəş səsləri əks olunub. Piyada körpüsündən kütləyə atəş açıldığı da görüntülərdə yer alıb.

Ekspertlər bildirir ki, hazırkı internet məhdudiyyətləri 2022-ci ildəki "Qadın, Həyat, Azadlıq" hərəkatı zamanı tətbiq ediləndən daha ağırdır. İnternet araşdırmaçısı Əlirza Mənafinin sözlərinə görə, İranda qlobal internetlə yanaşı, daxili şəbəkə (intranet) də ciddi şəkildə məhdudlaşdırılıb və əlaqə "demək olar ki, tamamilə kəsilib".