BAKI, 9 yanvar. TELEQRAF

Yəmənin cənub vilayətlərinin müstəqilliyini dəstəkləyən Cənub Keçid Şurası (CKŞ) rəsmi olaraq özünü buraxdığını və bütün strukturlarının fəaliyyətini dayandırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, Şuranın əsas və köməkçi orqanları, həmçinin ölkə daxilində və xaricdəki bütün ofisləri bağlanır. Eyni zamanda, cənub bölgələrinin maraqlarının müdafiəsi məqsədilə Səudiyyə Ərəbistanının himayəsi altında cənub qüvvələrinin ümumi konfransının keçirilməsinə hazırlıq görüldüyü vurğulanıb.

Xatırladaq ki, yanvarın 2-də Cənub Keçid Şurası ikiillik keçid dövrünün başladığını və nəticədə müstəqil Cənubi Ərəbistan dövlətinin elan olunacağını elan etmişdi. Həmin dövlət 1967-ci ildən 1990-cı ilədək mövcud olan Yəmən Xalq Demokratik Respublikasının sərhədləri daxilində yaradılmalı idi.