BAKI, 31 dekabr. TELEQRAF
İsrail ABŞ administrasiyasından Prezident Donald Trampın yaratmaqda olduğu Sülh Şurasına (BoP) Prezident Rəcəb Tayyib Ərdoğanın daxil edilməməsini xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə iki rəsmi şəxs “Jerusalem Post”a məlumat verib.
Məsələ son həftələrdə Trampın Qəzza ilə bağlı planının icrasının davam etdirilməsinə yönəlmiş İsrail-ABŞ danışıqları zamanı qaldırılıb.
İsrail Tramp planının növbəti mərhələsində Qəzzada yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Türkiyə qoşunlarının iştirakına veto qoyub.
Donald Tramp dekabrın 29-da Mar-a-Laqoda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra məsələ ilə bağlı jurnalistlərin sualını belə cavablandırmışdı:
“Məncə, bu (Qəzzada Türkiyə qoşunlarının mövcudluğu), yaxşı haldır. Türkiyə əladır. Ərdoğanı çox yaxşı tanıyıram, hamınızın bildiyi kimi, o, mənim yaxşı dostumdur, ona inanıram və hörmət edirəm”.
Nəşr yazıb ki, İsrail son həftələr Türkiyənin Qəzzanın bərpasında iştirakını da mümkün qədər məhdudlaşdırmaq üçün çalışıb. İsraildə belə bir narahatlıq var ki, Türkiyənin humanitar məsələlər və bərpa işlərinə cəlb olunması Ankaraya Qəzza zolağına nəzarətdə əhəmiyyətli mövqe qazandıra bilər.
Bəzi İsrail rəsmiləri isə hesab edirlər ki, Ərdoğan Sülh Şurasının üzvü olmalıdır. Bunun səbəblərindən biri Türkiyənin Misir və Qətərlə yanaşı, HƏMAS-la imzalanmış razılaşmanın təminatçısı olmasıdır. Hələlik Sülh Şurasının tərkibi ilə bağlı yekun qərar verilməyib.