BAKI, 27 dekabr. TELEQRAF

Suriya xarici işlər naziri Əsəd Şibani Rusiyanın illərlə dəstəklədiyi keçmiş prezident Bəşər Əsəddən imtina etməsinin səbəblərini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Səudiyyə Ərəbistanının “Al Majalla” nəşrinə danışıb.

Şibani bildirib ki, rejimə qarşı müharibənin təsirinin artdığı dövrdə Rusiyanın yüksək səviyyəli bir rəsmisi ilə təmas qurublar. Həmin şəxs onlara Rusiya Prezidenti Vladimir Putinin mövqeyini çatdırıb. Bab əl-Həva sərhəd-keçid məntəqəsində rusiyalı rəsmi ilə görüşdən sonra vəziyyət dəyişib. Vasitəçi şəxs onlara belə deyib: “Putin yazılanları oxudu və bəyəndi. Mesajı aldıq, nə demək istənildiyini anladıq”.

Bab əl-Həvada ruslarla görüşdə Suriya tərəfinin qalib mövqedən danışmadığını qeyd edən Şibani ruslara belə bir mesaj verdiklərini bildirib:

“Biz Suriya xalqıyıq, dəyişikliyi seçmişik. Rusiyanın rejimlə ittifaqı səhv idi, amma səhvlər düzəldilə bilər. Bu mövqe yenidən nəzərdən keçirilə və etibarsız bir rejimlə yox, bir millət və xalqla tərəfdaşlıq qurula bilər”.

Şibani Rusiyanın Əsəddən imtina etməsinə təsir edən cümləyə də diqqət çəkib. Ruslara çatdırılıb ki, Moskva Suriyanın maraqlarına uyğun hərəkət edəcəyi təqdirdə ölkədəki hərbi mövcudluğunu saxlaya bilər.

Şibani görüşdə Rusiya nümayəndəsinə söyləyib:

“Bəşər Əsədi devirmək Rusiyanın Suriyadan getməsi demək deyil. Açıq və açar cümlə bu oldu: gələcəyinizi Bəşərə bağlamayın, o keçicidir, əlaqə qura biləcəyiniz bir hökumət var”.

Suriyanın baş diplomatı rusların bundan sonra Əsəd rejimindən uzaqlaşdığını iddia edib.

Şibani əlavə edib ki, ruslardan hətta rejimə oyunun bitdiyi mesajını çatdırmaqda kömək etmələrini də xahiş ediblər. “Dəməşqə nə qədər vaxta çatacaqsınız” sualına “48 saat” cavabını aldıqdan sonra rusların paytaxtdan çəkilməyə başladığını bildirən Şibani deyib ki, həmin andan sonra hər şey dəyişib:

“Bunu eşidəndən sonra Dəməşqdən çıxmağa başladılar. Bu, Əsəd rejiminin çöküşünü sürətləndirdi. Ruslar çəkilirdisə, demək, onlar da bizim gəldiyimizi bilirdilər. O vaxt biz hələ Hamadaydıq”.

Xatırladaq ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də hazırkı Suriya Prezidenti Əhməd Şaraanın rəhbərlik etdiyi inqilabçı qüvvələrin Dəməşqə yaxınlaşmasından sonra Moskvaya qaçıb.