BAKI, 25 dekabr. TELEQRAF

“İşləmək üçün Rusiyaya getmişdim, amma sonra məcburi olaraq orduya cəlb olundum və Ukraynada müharibəyə göndərildim”.

Teleqraf xəbər verir ki, bu sözləri Ukraynanın “United24” portalına iranlı fotoqraf Araş Dərbəndi deyib.

Nəşr yazıb ki, 34 yaşlı Araş Əhvaz şəhərindən olub, turist vizası ilə Sankt-Peterburqa gedib və küçə fotoqrafiyası ilə dolanırmış. O bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibədən xəbərdar olsa da, bu münaqişənin onun şəxsi həyatına təsir edəcəyini gözləmirmiş.

Onun sözlərinə görə, küçədə Rusiya polisi ilə mübahisədən sonra saxlanılıb və hərbi hissəyə göndərilib. Araş qeyd edir ki, Rusiya rəsmiləri ona 3-5 il həbs və ya 1 il döyüşmək arasında seçim etməli olduğunu bildiriblər. İranlı vurğulayıb ki, xarici vətəndaş olaraq maksimum cəzanın Rusiyadan qovulma olacağını gözləsə də, ona belə bir söz deyilib: “Bura Rusiyadır, müharibəyə getməlisən”.

Araş təxminən iki-üç ay hərbi hissədə saxlanılıb və sonra hərbi təlim üçün Belqorodda göndərilib. Heç bir hərbi təcrübəsi və təhsili olmadığını, hətta cəlbdən qurtulmaq üçün bilərəkdən özünə zərər verdiyini söyləyib. Buna baxmayaraq, Rusiya hərbi rəsmiləri onu azad etməyib.

O əlavə edib ki, döyüş bölgəsində PUA hücumunda yaralanıb və iki yoldaşı ölüb. Dediyinə görə, Rusiya hərbçiləri yaralandıqdan sonra ona yardım etməyib və bir neçə gün sonra Ukrayna əsgərləri onu xilas edib və xəstəxanada yerləşdiriblər.