BAKI, 23 dekabr. TELEQRAF
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və ailəsi ölkədə hakimiyyət dəyişikliyindən sonra qaçdıqları Moskvada dəbdəbəli həyat sürür.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadla məlumat yayıb.
“Rusiyanın paytaxtında yaşayan suriyalı mühacir şəhərin ən hündür göydələnində nahar edir. 62-ci mərtəbədə yerləşən “Sixty” restoranı mütəmadi olaraq Rusiya siyasi elitasının nümayəndələri və xarici məşhurları qəbul edir. Restoranda olan mənbəmiz özü ilə birlikdə nahar edən yüksək vəzifəli qonaqlardan birinin kim olduğunu öyrənəndə təəccüblənib: o, Bəşər Əsəd idi”, - nəşr yazıb.
Mənbələrin sözlərinə görə, Əsədlərin dəbdəbəli həyatı Moskvaya köçdükdən dərhal sonra başlayıb. Əsəd ailəsi əvvəlcə həftəlik qalma haqqı 13 min dollara çatan “Four Seasons” otelinin apartamentlərində yerləşiblər. Daha sonra Suriyanın keçmiş lideri ailəsi ilə birlikdə “Federasiya” qülləsində iki mərtəbəli penthausa köçüb.
Suriyalı keçmiş məmurun sözlərinə görə, Əsədlər sonra Rublyovkaya köçüblər. Suriyalıları Rusiya xüsusi xidmət orqanları qoruyur, hər hərəkətini izləyir.
“The Guardian” dekabrın 15-də yazmışdı ki, Əsəd Rublyovkada elit yaşayış məntəqəsində, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə qonşuluqda yaşayır. Bildirilmişdi ki, Suriyanın keçmiş prezidenti rus dilini öyrənir və oftalmologiya sahəsində biliklərini təkmilləşdirir.