BAKI, 9 dekabr. TELEQRAF

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İsrail və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə təlimə başlaması İranın Bəsrə körfəzindəki son manevrlərinə cavabdır.

Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

İsrail və ABŞ rəsmiləri bildiriblər ki, təlimlər koordinasiyanı gücləndirmək, əməliyyat hazırlığını yoxlamaq və İranla potensial qarşıdurmaya hazırlaşmaq məqsədi daşıyır.

“Newsweek” yazıb ki, təlimlər regionda davam edən qeyri-sabitlik və Yaxın Şərqdə dənizlərə nəzarətin strateji əhəmiyyətini göstərir.

Məqalədə qeyd olunub ki, Birləşmiş Ştatlar və İsrail birgə əməliyyat imkanlarını nümayiş etdirməklə birlik və hazırlıq mesajı verməklə yanaşı, mümkün ssenarilərin geniş spektrinə hazırlaşmaq istəyir. Həmçinin, İranın raket proqramının inkişaf etdirilməsi və dənizdəki manevrləri göstərir ki, Tehran hələ də regionda öz mövcudluğunu göstərməyə çalışır.

“Newsweek” əlavə edib ki, ABŞ və İsrailin birgə təlimləri həftə boyu davam etdirməsi gözlənilir.

Xatırladaq ki, İran Hərbi Dəniz Qüvvələri ötən həftə Bəsrə körfəzində iki gün davam edən təlim keçirmişdi.