BAKI, 4 dekabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu hərbi katibi general-leytenant Roman Hofmanı MOSSAD-ın direktoru təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi açıqlama yayıb.

İsrail xarici kəşfiyyatının hazırkı rəhbəri David Barneanın beşillik müddəti 2026-cı ilin iyununda başa çatır. Yerli KİV-in yazdığına görə, Benyamin Netanyahu Hofmanı seçməklə Barneanın irəli sürdüyü iki namizədi kənarda qoyub.

Baş nazir hesab edir ki, general-leytenant Hofman MOSSAD direktoru vəzifəsinə ən layiqli və uyğun namizəddir.

Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə köçüb, 1995-ci ildə burada tank qoşunlarında həqiqi hərbi xidmətə çağırılıb. Sonrakı illərdə o, zabit kurslarını bitirib və diviziya səviyyəsinə qədər müxtəlif ordu bölmələrinə komandirlik edib. 2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinə rəhbərlik edib, 2024-cü ilin mayında isə Benyamin Netanyahunun hərbi katibi olub.