BAKI, 4 dekabr. TELEQRAF

Bəhreyndə keçirilən iclasın yekun bəyanatında Körfəzi Əməkdaşlıq Şurasının üzv ölkələri bir daha Bəsrə körfəzindəki üç ada ilə bağlı əvvəlki mövqelərini təkrarlayıblar.

Teleqraf xəbər verir ki, ölkələr İranın bu adaları işğalda saxlamasını pisləyərək, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu adaların qanuni sahibi olduğunu bəyan ediblər.

Körfəzi Əməkdaşlıq Şurasının üzvləri İrandan tələb ediblər ki, ya bu üç adanın mülkiyyəti ilə bağlı BƏƏ-nin tələblərinə uyğun olaraq birbaşa danışıqlara razılıq versin, ya da məsələ Beynəlxalq Cinayətlər Məhkəməsinə göndəriləcək.

Şura həmçinin Avropa İttifaqına bu üç adanın BƏƏ-yə məxsus olduğunu bəyan edən mövqeyinə görə təşəkkür edib.

Xatırladaq ki, İran və BƏƏ uzun illərdir Hörmüz boğazına yaxınlığı və regiondakı neft potensialına görə strateji mövqedə olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində mübahisə edir. Adalar 1971-ci ilə qədər İngiltərənin nəzarətində olub. 1971-ci ilin noyabrında İngiltərə adaları BƏƏ-yə təhvil verərək geri çəkildikdən sonra İran əraziləri ələ keçirib. BƏƏ adalarda hərbi qüvvələrini yerləşdirən İranı işğalçı adlandırır.