BAKI, 13 noyabr. TELEQRAF
İsrailin təhlükəsizlik xidməti “Şin Bet” İordan çayının qərb sahilində (Betləhəm) fəaliyyət göstərən HƏMAS şəbəkəsinin təxminən 40 üzvünün son əməliyyatlar zamanı saxlanıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, həmin şəxslərin yaxın zamanda İsrailə silahlı hücum həyata keçirməyi planlaşdırırdıqları bildirilib.
Təhlükəsizlik qurumunun bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri və polis ilə birgə əməliyyatlar çərçivəsində son bir neçə həftə ərzində təxminən 15 ayrı saxlama reydi həyata keçirilib. Əməliyyat zamanı HƏMAS üzvlərinin istifadə etdiyi bir sıra silahlar götürülüb.
“Şin Bet”in məlumatına əsasən, saxlanılanların dindirilməsi zamanı məlum olub ki, HƏMAS şəbəkəsinin liderləri terror qrupları yaradıb, silah əldə edib və İsrailin təhlükəsizlik qüvvələri və mülki şəxslərə qarşı silahlı hücumlar planlaşdırıblar.