BAKI, 23 sentyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhər məhkəməsi məxfi məlumatları açıqlamaq ittihamı ilə aralarında gömrük işçiləri də daxil olmaqla 7 nəfəri həbs edib.
Bildirilib ki, onlar sosial şəbəkələr vasitəsilə idxal-ixrac məlumatlarını, o cümlədən müdafiə sənayesi məhsullarını satıblar.
Nəşr yazıb ki, İstanbul Baş Prokurorluğunun Terrorla Mübarizə Bürosu hələ iyun ayında Türkiyə Ticarət Nazirliyinin qapalı sistemindən məlumatlara pullu giriş təklif edən Teleqram qrupunun aşkarlanmasından sonra 10 şübhəlini saxlayıb.
Sızdırılan məlumatlar arasında Türkiyənin hərbi şirkəti ASELSAN-dan qumbaraatan və avtomatlar da daxil olmaqla silahların tədarükü ilə bağlı informasiyalar da var. Bu materialların müdafiə müqavilələrinə aid olduğu üçün Müdafiə Nazirliyinin icazəsi olmadan üçüncü şəxslərlə paylaşılması qadağandır.
İstintaq müəyyən edib ki, məhsulların həcmi, çəkisi və növləri haqqında məlumatlar təkcə xarici ölkələrə deyil, həm də milli təhlükəsizliyə təhdid yaradan terrorçu qruplara ötürülmüş ola bilər.
Nəticədə məhkəmə gömrük işçiləri və iş adamlarının da olduğu 7 şübhəlini həbs edib.