BAKI, 20 avqust. TELEQRAF

“İsrailin Qəzza zolağını ələ keçirmək əməliyyatı bölgədə fəlakətə və sonsuz müharibəyə səbəb ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İordaniya Kralı II Abdullah və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığından sonra deyib.

“İsrailin Qəzzada hazırladığı hərbi əməliyyat hər iki xalq üçün yalnız real fəlakətə gətirib çıxara və bölgəni daimi müharibəyə sürükləyə bilər”, - Fransa lideri qeyd edib.

Makronun sözlərinə görə, yalnız Qəzzada daimi atəşkəs, bütün girovların azad edilməsi, bölgə sakinlərinə humanitar yardımın çatdırılması və HƏMAS-ın tərksilah edilməsi münaqişəyə son qoya bilər:

“Fransa, Misir, İordaniya və digər regional tərəfdaşlar Qəzzanı sabitləşdirmək üçün beynəlxalq missiyanı həyata keçirməli və İsrail və Fələstin xalqlarının istəklərinə cavab verəcək siyasi həll yolu üzərində işləməlidirlər”.

Xatırladaq ki, bundan əvvəl İsrail müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqlədiyini açıqlamışdı.