BAKI, 22 iyul. TELEQRAF

Suriyanın cənubunda yerləşən Əs-Suveyda əyalətində iyulun 13-dən etibarən davam edən silahlı toqquşmalarda ümumilikdə 1265 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə tibbi mənbələrə istinadən "Elnashra" xəbər portalı məlumat yayıb.

Məlumata görə, təkcə ötən gün ərzində baş verən toqquşmalar 146 nəfərin həyatına son qoyub.

İtkilər daha çox Druz qəbiləsinin özünümüdafiə dəstələrinin sıralarında qeydə alınıb. Belə ki, onlar bir gün ərzində 78 döyüşçü itiriblər. Bununla da, druzların itkilərinin ümumi sayı 505 nəfərə çatıb.

Mülki əhali arasında ölənlərin sayı əvvəlki kimi qalıb - 298 nəfər.

Cənub bölgələrində sabitliyi bərpa etmək üçün Dəməşqdən göndərilən Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin xüsusi bölmələri 54 hərbçi itirib. Bununla da, hökumət qüvvələrinin itkilərinin ümumi sayı 408 nəfərə çatıb.

Hökumətə sadiq ərəb qəbilələrinin birləşmələrinin itkiləri daha 14 nəfər artıb və 35 nəfərə çatıb.