BAKI, 10 iyul. TELEQRAF

Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) lideri Abdel Malek əl-Husi bəyan edib ki, Qəzza zolağında münaqişə həll olunana və İsrail anklava tətbiq etdiyi blokadanı qaldırana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlərin gəmiləri hücum hədəfi olacaq.

Teleqraf xəbər verir ki, bu barədə məlumat hərəkatın nəzarətində olan "Al-Masirah" telekanalı vasitəsilə yayılıb.

Əl-Husinin sözlərinə görə, bəzi gəmiçilik şirkətləri Qırmızı dənizdə tətbiq edilən blokadanın “əldəqayırma” olduğunu zənn edərək, İsrailin Eilat limanına (ərəbcə Umm-ər-Rəşrəş) yük daşımağa cəhd ediblər. Lakin son günlərdə baş vermiş hücumlar bunun əksini sübut edib.

“Qaydaları pozan şirkətlərə məxsus iki gəminin batması, İsrailin gəmiçiliyinə qarşı qadağanın ciddiliyini göstərdi. Qəzza zolağında vəziyyət dəyişməyənə qədər bu qadağa qüvvədə qalacaq”, - deyə Əl-Husi vurğulayıb.

Hərəkat lideri əlavə edib ki, husilər hələ də İsrail maraqlarına xidmət edən bütün gəmiçilik fəaliyyətlərini Qırmızı dəniz, Ədən körfəzi və Ərəbistan dənizində yasaqlayır.

Xatırladaq ki, son günlərdə husilər tərəfindən həyata keçirilən hücumlar nəticəsində iki ticarət gəmisi batırılıb.