BAKI, 8 iyul. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırdır, lakin ABŞ yaranmış böhranın sülh yolu ilə həllində səmimi maraq göstərməlidir.

Teleqraf xəbər verir ki, o, bu barədə Britaniyanın "Financial Times" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Əraqçi qeyd edib ki, İran diplomatiyaya hələ də sadiqdir, lakin gələcək dialoqa şübhə etmək üçün səbəblər olduğunu vurğulayıb. "Əgər bu problemi sülh yolu ilə həll etmək istəyi varsa, o zaman ABŞ ədalətli razılaşma əldə etmək üçün səmimi iradə nümayiş etdirməlidir. Vaşinqton da bilməlidir ki, onun son həftələrdəki hərəkətləri dəyişiklik yaradıb", - deyə İranın xarici işlər naziri qeyd edib.

Nazir, həmçinin, İranın bir dəfə aldanmasından sonra ikiqat ehtiyatlı davrandığını bildirib.

"Tammiqyaslı regional müharibədən qaçmaq üçün məsuliyyətlə hərəkət etmək öhdəliyimiz zəiflik kimi qəbul edilməməlidir. Biz xalqımıza qarşı gələcək hər hansı hücumu dəf edəcəyik. Və əgər o gün gələcəksə, İranın gücü ilə bağlı hər hansı illüziyaları dağıtmaq üçün real imkanlarımızı göstərəcəyik", - Əraqçi əlavə edib.