BAKI, 27 iyun. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Almaniya Kansleri Fridrix Mertsin İsrailin ölkəsinə hücumuna haqq qazandırması və dəstəkləməsini “öz xalqı və İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə hörmətsizlik” adlandırıb.

Teleqraf xəbər verir ki, o, Almaniya kanslerinin İsraili dəstəkləməklə tarixi həqiqətlərdən getdikcə uzaqlaşdığını bildirib.

“Bir dövlət adamının təcavüz aktları və beynəlxalq hüququn kobud şəkildə pozulmasını heçə sayması, belə bir cinayətə haqq qazandırması qəbuledilməzdir”, - iranlı diplomat qeyd edib.

Bəqayi Mertsi “Nasist Almaniyasının tarixi irsini daşıyan bir ölkənin lideri” adlandırıb.

“İran keçmişdə (1980-1988-ci illər İran-İraq müharibəsi zamanı – red.) Səddam Hüseyni kimyəvi silahla təmin edənləri və bu gün İrana qarşı təcavüzü dəstəkləyənləri unutmayacaq. Tarix o qədər də asan bağışlamır”.

Xatırladaq ki, Almaniya hökumətinin rəhbəri bundan əvvəl İsrailin 13-24 iyun tarixlərində İrana qarşı keçirdiyi əməliyyatları dəstəklədiyini bəyan edib.