BAKI, 17 iyun. TELEQRAF
İranın hava hücumundan müdafiə sistemləri iyunun 17-də Məşhəd şəhərinin hava limanı yaxınlığında İsrailə məxsus PUA-nı vurub.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
“Təsnim” agentliyinin yazdığına görə, İranın hava hücumundan müdafiə sistemləri gecə saatlarında da eyni bölgədə bir neçə İsrail pilotsuz təyyarəsini vurub.
İsrail ordusunun Şiraz şəhərinə də hava zərbələri endirdiyi bildirilib. Məlumata görə, hücumdan sonra İranın hava hücumundan müdafiə sistemləri zərbələrin dəf edilməsi üçün işə salınıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 15-də də Məşhəd şəhərini hədəfə almışdı. Həmin gün İsrail hərbi aviasiyası Məşhəd hava limanında yanacaq dolduran İran təyyarəsini vurmuşdu. Bu, İsrail ordusunun İran ərazisində əməliyyat keçirdiyi ən dərin nöqtədir. Məşhəd İsraildən 2300 kilometr məsafədə yerləşir.