
BAKI, 16 iyun. TELEQRAF
İranla artan gərginlik səbəbilə İsrail Ordusu Qəzza zolağındakı bəzi hərbi qüvvələrini çıxararaq Misir və İordaniya sərhədlərinə yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Hazırda Qəzzada İsrail Ordusunun 4 diviziyası təxminən 10 min əsgəri qalır. Lakin 98-ci diviziya, elit desant qüvvələri və xüsusi təyinatlı bölmələr artıq Qəzzadan çıxarılıb.
İsrail Ordusunun yaydığı açıqlamada qeyd olunur ki, İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə sərhədlərdə hərbi güc artırılır. Bu çərçivədə İordaniya ilə sərhəddəki qüvvələrin sayı üçqat artırılıb, 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib.
Bununla belə, ordunun bəyanatında vurğulanıb ki, Qəzza zolağında HAMAS silahlılarının zərərsizləşdirilməsi əməliyyatları dayandırılmayacaq və paralel şəkildə davam etdiriləcək.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.