BAKI, 13 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri İranda onlarla raket buraxma qurğusu və raket anbarlarına yeni zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
***
15:30
İsrail Hərbi Hava Qüvvələrinin hücumu zamanı İranın Natanz nüvə obyektinə ciddi ziyan dəyib.
Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Effi Defrin jurnalistlərə bildirib.
General, həmçinin qeyd edib ki, İsrail uzunmüddətli əməliyyat hazırlayıb və hücum planı tədricən həyata keçiriləcək.
İsrail Ordusunun Fordo nüvə obyektinə zərbə endirib-etməyəcəyi ilə bağlı suala cavab verən Defrin söyləyib ki, İsrail hələlik bütün hərbi gücünü işə salmayıb və hədəfdə olan hər bir şəxs və ya obyektə zərbə endirib.
O əlavə edib ki, İsrailin Fordoya hücum edib-etməyəcəyini və nə vaxt vura biləcəyini əvvəlcədən açıqlamayacaq.
***
15:05
İsrail Hərbi Hava Qüvvələri İranın Xürrəmabad şəhərinə hava zərbələri endirir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Nəşr hücumun ikinci dalğası olduğunu bildirir.
Məlumata görə, əməliyyatların ikinci dalğası zamanı vurulan hədəflər arasında Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanı və Şirazdakı raket istehsalı müəssisəsi var.
***
14:53
İsrail Müdafiə Qüvvələri Təbriz hava limanında, Şiraz raket zavodunda və Natanz nüvə obyektində zərbələri davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.