BAKI, 13 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox təyyarəsi bu gün səhər tezdən İrana endirilən zərbələrdə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü genral Effi Defrin mətbuat konfransında deyib.
Onun sözlərinə görə, döyüş təyyarələri zərbələr zamanı 330-dan çox sursat atıb.
Defrin həmçinin İsrailin zərbələr zamanı İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami və “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid də daxil olmaqla, bir neçə yüksək səviyyəli İran rəsmisinin öldürüldüyünü təsdiqləyib.
İsrail ordusunun sözçüsü hücum zamanı çoxlu sayda digər yüksək vəzifəli şəxs və nüvə alimlərinin öldürüldüyünü də sözlərinə əlavə edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.