BAKI, 4 iyun. TELEQRAF

Suriyanın yeni hakimiyyəti İsrail istiqamətində raketlərin atılmasında iştirakını inkar edir və İsrailə atəş açılmasını pisləyir.

Teleqraf xəbər verir ki, Suriyanın Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış edib.

"Biz hələ də Suriyadan İsrail istiqamətində atəş açılması faktı barədə məlumatları yoxlayırıq və təsdiq edirik ki, ölkəmiz Yaxın Şərqdə heç bir dövlətə təhlükə yaratmayıb və yaratmayacaq. Dəraa vilayətini hədəf alan İsrail zərbəsini qətiyyətlə pisləyir, bunu Suriyanın suverenliyinin kobud şəkildə pozulması hesab edirik", - xarici siyasət idarəsinin məlumatında deyilir.

Suriya rəhbərliyi hesab edir ki, insidentin arxasında regionda sabitliyi pozmağa çalışan müəyyən qüvvələr ola bilər. Rəsmi Dəməşq hakimiyyətinin dövlətin bütün ərazisinə yayılmasında və qeyri-qanuni silah dövriyyəsinin dayandırılmasında maraqlı olduğunu bəyan edib.