BAKI, 28 may. TELEQRAF
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İsrail cəmi 7 saat ərzində İrana qarşı hərbi əməliyyatlara başlamağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, məlumat ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfərindən əvvəl Vaşinqtonla Tel-Əviv arasında aparılan intensiv müzakirələr zamanı ortaya çıxıb.
Məlumata görə, İsrail rəsmiləri ABŞ tərəfini İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazır olduqları barədə xəbərdar ediblər.
Onlar Tehranın uranı zənginləşdirmə fəaliyyətinin tamamilə dayandırılmasını və bütün nüvə infrastrukturlarının ləğv edilməsini tələb edirlər.
İsrail tərəfi ehtiyat edir ki, Trampın Tehranla razılığa gəlmək istəyi İsrailin təhlükəsizlik narahatlıqlarını arxa plana ata bilər.
Daha əvvəl "Axios" portalı məlumat yaymışdı ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu nüvə proqramı ilə bağlı aparılan danışıqlara mane ola biləcək hərbi və ya siyasi addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, ABŞ və İran nümayəndələri mayın 23-də Romada nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Danışıqlarda Oman vasitəçi qismində çıxış edib. Omanın xarici işlər naziri Bədr əl-Busaidi danışıqlardan sonra bildirib ki, tərəflər arasında müəyyən irəliləyiş var, lakin yekun razılıq hələ əldə olunmayıb.