BAKI, 22 may. TELEQRAF

“İsrailin İranın nüvə obyektlərinə hücumu halında, Tehran ABŞ-ni belə bir hücuma şərik kimi qəbul edəcək və onları buna görə cavab verməyə məcbur edəcək”.

Teleqraf xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“İran sionist rejimi (İsraili nəzərdə tutur – red.) hər cür tələsik addımlara qarşı xəbərdar edir və bildirir ki, bu rejimin hər hansı təhdid və ya müdaxiləsinə sərt və qəti cavab veriləcək. Həmçinin əminik ki, sionist rejim tərəfindən İranın nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə, ABŞ hökuməti bu hücuma görə məsuliyyət daşıyacaq”, - nazir bildirib.

Abbas Əraqçi əlavə edib ki, çoxsaylı təhdidlərlə əlaqədar İran öz nüvə obyektlərini qorumaq üçün bir sıra tədbirlər görməyə məcbur olacaq.

Xatırladaq ki, CNN telekanalı mayın 21-də ABŞ-nin rəsmi mənbələrinə istinadla İsrailin İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşdığı barədə məlumat yayıb. Telekanalın mənbəsinin sözlərinə görə, son aylarda belə kampaniya ehtimalı xeyli artıb.

“Ola bilsin, İsrail Tehranı Vaşinqtonla danışıqlarda güzəştə getməyə məcbur etmək və ya nizamlanma prosesini pozmaq üçün güc nümayiş etdirməyə çalışacaq”, - CNN-ə danışan ABŞ rəsmisi söyləyib.