BAKI, 19 may. TELEQRAF

Nüvə konsorsiumunun yaradılması ideyası ABŞ-nin məhdudlaşdırılmasını tələb etdiyi Tehranın nüvə proqramına alternativ kimi qəbul edilməməlidir.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“Nüvə konsorsiumunun yaradılması təşəbbüsü heç bir halda uranın zənginləşdirilməsi prosesinə alternativ kimi qəbul edilməməlidir. Bu, öz kontekstində müzakirə oluna bilər, amma bu təklifin məqsədi bizi zənginləşdirmədən imtina etməyə məcbur etməkdirsə, bu baş verməyəcək”, - diplomat qeyd edib.

Mayın 14-də “The New York Times” öz mənbələrinə istinadla yazmışdı ki, Tehran uranı Amerika sərmayəsi ilə zənginləşdirmək üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib. Nəşrin məlumatına görə, İran xarici işlər naziri Abbas Əraqçi bu planı mayın 11-də Omanda dolayı danışıqlar zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa təqdim edib. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkib.