BAKI, 19 may. TELEQRAF
Suriya müdafiə naziri Murfah əbu Kəsra ölkədəki silahlı qruplaşmaları 10 gün ərzində orduya qoşulmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Suriya hökumətinin silahlı qrupları vahid ordu çətiri altında bir araya gətirməyə çalışdığını xatırladan Əbu Kəsra inteqrasiya prosesindən kənarda qalan kiçik hərbi qruplara ən çox 10 gün ərzində orduya qoşulmaları barədə xəbərdarlıq edib. Müdafiə naziri çağırışa əməl etməyən qruplara qarşı tədbir görüləcəyini deyib, amma bunun hansı addımları ehtiva edəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Türkiyə KİV yazır ki, bəyanatda orduya çağırılan qrupların adları göstərilməyib:
“Buna görə də PKK terror təşkilatının qanadı PYD/YPG/SDQ-nin bura daxil olub-olmadığı məlum deyil.
Suriya Prezidenti Əhməd Şaraa martın 10-da PYD/YPG/SDQ-nin lideri Mazlum Kobani ilə Dəməşqdə görüşüb və təşkilatın işğalı altında olan Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumların mərkəzi administrasiyaya inteqrasiyasını nəzərdə tutan müqavilə imzalayıb.