BAKI, 18 may. TELEQRAF

İtaliyalı parlamentarilər Qəzza zolağı ilə Misir arasında yerləşən “Rəfah” keçidinin qarşısında etiraz aksiyası keçirərək, anklava yardımın çatdırılmasına icazə verilməsini və müharibənin dayandırılmasını tələb ediblər.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, aksiyada iştirak edən İtaliya parlamentinin 11 üzvü, Avropa Parlamentinin 3 deputatı və QHT nümayəndələrindən ibarət qrup üzərində "Soyqırımını indi dayandırın!", "Qanunsuz işğala son qoyun!" və "İsraili silahlandırmağı dayandırın!" yazılmış plakatlar tutublar.

"Avropa soyqırımını dayandırmaq üçün heç nə etmir", - Avropa parlamentinin italiyalı üzvü Sesilia Strada bildirib.

Etirazçılar Qəzza uşaqları ilə həmrəylik əlaməti olaraq yerə oyuncaqlar qoyublar.

Etiraz aksiyası İsrail Müdafiə Qüvvələrinin (İDF) "Gideonun döyüş arabaları" əməliyyatı çərçivəsində Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başlaması ilə eyni vaxtda keçirilib.

Xatırladaq ki, İsrail mart ayının 1-dən Qəzza zolağını qarşı tam blokadaya alıb. Rəsmi Təl-Əviv altı həftəlik atəşkəs zamanı Qəzzaya kifayət qədər humanitar yardımın daxil olduğunu və “Həmas”ın bu yardımların böyük hissəsini mənimsədiyini iddia edir.