QAX, 23 iyun. TELEQRAF
"Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır".
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Nazir müavinin sözlərinə görə, rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır:
"Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Bundan əlavə, 8 perspektiv rayon müəyyən edilmişdir ki, Şəki və Qax rayonu bu siyahıya daxildir. Presepktiv rayonlarda nəzərdə tutulan meliorativ tədbirlər hesabına suvarma suyu təminatının yaxşılaşdırılması və ixtisaslaşma üzrə buğda məhsuldarlığının artırılması hədəflənir.
Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir.
Bu hədəflərə çatmaq üçün bir neçə əsas tədbir nəzərdə tutulur. Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək".
Zaur Əliyev deyib ki, xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır:
"Birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir.
Digər mühüm dəstək lazer hamarlama ilə bağlıdır. Lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə həm fermerə, həm də dəyirmana əlavə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu mexanizm həm fermeri texnologiyadan istifadəyə təşviq edir, həm də emal müəssisələri ilə istehsalçı arasında əlaqəni gücləndirir".