
BAKI, 11 aprel. TELEQRAF
Türkiyə sabah Omanda ABŞ ilə danışıqlara başlayacaq İrana bundan əvvəl beş dəfə xəbərdarlıq göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Milliyet” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, İran Türkiyəni narahat edən məsələlərin həllindən yayınır:
“ABŞ və İran həftəsonu (sabah) Omanda görüşəcək. Əsas gündəm İranın nüvə proqramı və iki ölkə arasındakı gərginliyə son qoymaqdır. Bu, regionda yeni qaynar münaqişənin qarşısının alınması baxımından vacibdir.
Görüşdən əvvəl Türkiyə İrana beş dəfə xəbərdarlıq göndərib. İlk xəbərdarlıq ABŞ-nin İrandan gözləntiləri ilə bağlıdır. İkincisi isə region yeni münaqişəyə dözə bilməyəcəyi və problemlərin masa arxasında həllinə dairdir. Bundan başqa, Türkiyənin də gözləntiləri və tələbləri var. Bunlar da PKK və İranın Suriyadakı narahatedici fəaliyyətlərinə verilən dəstəklə əlaqəlidir. Beşincisi də İranın illərdir Türkiyəyə verdiyi vədlərə əməl etməməsini ehtiva edir. Türkiyənin bu mövzuda narahatlıqları çatdırılıb.
Ötən illərdə Rusiya-İran-Türkiyə üçtərəfli görüşləri keçirilib. Bunlar həm terrorla mübarizə, həm də Suriya ilə bağlı idi. Amma İran qəbul edilən qərarlara heç vaxt əməl etməyib.
Türkiyə hətta PKK üzvlərinin İranda harada olduğunu da bildirib, amma Tehran həmişə “Bizdə bir nəfər də PKK-çı yoxdur” deyib. Gözlənilən budur ki, İran bu beş xəbərdarlığı nəzərə alacaq və regionda sülhə doğru addımlar atacaq”.