
BAKI, 15 mart. TELEQRAF
PKK terror təşkilatı və onun başqa ölkələrdəki uzantıları dərhal özlərini buraxmalı və silahlarını təhvil verməlidirlər.
Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
“PKK terror təşkilatı və onun müxtəlif coğrafiyalarda (Suriyada, İraqda) və fərqli adlar altında fəaliyyət göstərən bütün uzantıları, harada olmasından asılı olmayaraq, dərhal və qeyd-şərtsiz ləğv olunaraq silahlarını təhvil verməlidirlər. Bunun əksi olan hər hansı bir ifadə və ya hərəkətin heç bir qüvvəsi yoxdur və olmayacaq. Bu kontekstdə atəşkəs kimi mətnə daxil edilməyən məsələlər gündəmə gətirilməməlidir. Çünki belə bir şey heç vaxt müzakirə mövzusu deyil.
Bizim son məqsədimiz 85 milyonluq vətəndaşımızın ortaq arzusu olan terrora son qoyulması, terror təşkilatlarının tamamilə məhv edilməsi və ölkəmizə qarşı bütün təhdidlərin aradan qaldırılmasıdır. Buna görə də, təxribata, sui-istifadəyə və ya prosesin uzadılmasına yol verilməyəcək, ehtiyatlı və rasional yanaşma əsas götürüləcək. Dövlətimizin böyük təcrübəsinə, uzaqgörənliyinə güvənin və rahat olun”, - müdafiə naziri bildirib.
Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də rəhbərlik etdiyi PKK terror təşkilatını özünü buraxmağa və silahlı mübarizəni dayandırmağa çağırıb.