BAKI, 15 mart. TELEQRAF

Suriya rəhbərliyi ilə PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) arasındakı razılaşma çərçivəsində bu ölkənin Türkiyə ilə sərhəd bölgələri ən qısa müddətdə tamamilə terrordan təmizlənəcək.

Teleqraf xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Türkiyənin tələblərinə uyğun olaraq, SDQ-nin əsas silahlı qüvvəsi YPG Fərat çayının şərqindən çıxarılacaq:

“SDQ Suriya ordusuna tam inteqrasiya olunduqdan sonra ordunun tərkibində yaradılacaq yeni birliklər Suriyanın şimal-şərqində xidmət edəcək. Türkiyənin də bu bölgədə hərbi bazasının qurulması planlaşdırılır. Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər ​​və MİT direktoru İbrahim Kalının Dəməşqə son səfəri zamanı bu mövzuların müzakirə edildiyi bildirilir”.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbə qəzetə bildirib ki, 60-70 min silahlı qüvvəsi olan YPG Suriya ordusuna inteqrasiya edəcək: “YPG sıralarındakı qeyri-suriyalılar deportasiya ediləcək. SDQ-PYD də siyasi partiyaya çevriləcək”.

Həmçinin mənbə əlavə edir ki, PKK-nın tərksilah və ləğv prosesi tamamlandıqdan sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraqdakı hadisələri yaxından izləyəcək.