BAKI, 14 mart. TELEQRAF

PKK terror təşkilatının çətir təşkilatı KCK-nin liderlərindən Cəmil Bayık PKK-nın ləğvi ilə bağlı keçiriləcək qurultaydan danışıb.

Teleqraf xəbər verir ki, o, indiki şərtlər altında bunun mümkün olmadığını iddia edib.

“Hər kəs bilir ki, bu şərtlərlə qurultay çağırmaq mümkün deyil, təhlükəlidir, əgər şərtlər yerinə yetirilərsə, qurultay toplanacaq və o qərarlar qəbul ediləcək. Hərəkat artıq bunu açıq şəkildə bəyan edib, bunu hamı bilir”, - Bayık qeyd edib.

Suriya rəhbərliyi ilə PKK-ya bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında imzalanan müqavilədən də danışan Bayık söyləyib: “Bu, bir başlanğıcdır və yaxşı başlanğıcdır”.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan fevralın 17-də rəhbərlik etdiyi terror təşkilatının ləğvi ilə bağlı çağırış edib. Çağırış KCK-yə daxil olan təşkilatlar tərəfindən qəbul edilib.

KCK, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) daxildir. KCK-nin “baş qərargah”ı İraqda (Qəndil) yerləşir.