Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzilləri qarət etməkdə təqsirli bilinən Bəylər Həsənovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Bəylər Həsənov tutulub.
Müəyyən edilib ki, o, ötən il oktyabrın 4-də Yeni Ramana qəsəbəsi Bünyatzadə küçəsində yaşayan İbrahim Əliyevin evindən qızıl-zinət əşyaları, noyabrın 5-nə keçən gecə Balaхanı qəsəbəsi Mədəndə yaşayan Pərviz Zamanov evindən 300 manat, qızıl-zinət əşyaları, noyabrın 5-də Q.Salahov küçəsində yaşayan İlkin Hacıyevin evindən 1500 manat, qızıl-zinət əşyaları, noyabrın 16-na keçən gecə isə Ramanı qəsəbəsi yeni tikilidə yaşayan Ramiz Hüseynovun evindən, pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlayıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Bəylər Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov