BAKI, 6 iyun. TELEQRAF
Quba rayonunda 55 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhərində “Əli” Ticarət Mərkəzinin yanında baş verib.
1971-ci il təvəllüdlü Tahir həmin ərazidə keçmiş arvadı Südabə (adlar şərti verilib – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, əl zərbəsi ilə keçmiş arvadının bədənin müxtəlif nahiyələrinə vurub.
Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tahir özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Əli” Ticarət Mərkəzinin yanında şirniyyat sexində işləyən keçmiş arvadı Südabə ilə barışmaqdan ötrü həmin ünvana gedib: “Südabə mənə kobud sözlər dedi. Bu zaman aramızda mübahisə baş verdi. Südabənin saçlarından tutaraq yerə yıxdım və sonra onu döydüm”.
Təqsirləndirilən şəxs deyib ki, mübahisə 5-10 dəqiqə davam edib və orada başqa heç kim olmayıb: “Südabənin evimizə qayıtmasını istəyirdim. Ona görə işlədiyi yerə getmişdim. Əməlimdən peşman olmuşam. Bir daha belə hərəkətlərə yol verməyəcəm”.
Zərərçəkmiş Südabənin sözlərinə görə, hadisə günü saat 16 radələrində keçmiş əri Tahir içkili vəziyyətdə işlədiyi şirniyyat sexinə gəlib və barışmaq istədiyini bildirib, ondan evə qayıtmasını tələb edib: “Razılaşmadığım üçün Tahir məni söyüb təhqir etdi. Saçlarımdan tutaraq, əl və ayaq zərbəsi ilə bədənimin müxtəlif nahiyələrinə vurdu”.
Zərərçəkmiş bildirib ki, Tahir tərəfindən dəfələrlə döyülüb: “Lakin şikayət etməmişəm, hər dəfə onu bağışlamışam. Buna baxmayaraq o, eyni əməlləri təkrar edir. Bağışlasam yenə məni dəyəcək”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Tahir bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonunun hüdudlarını tərk etməsi, bu müddət ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Qeyd edək ki, Tahir bundan əvvəldə mühakimə olunub və o, həmin hökmlə aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri növündə cəzasına məhkum edilib.
Məhkəmə sənədlərindən məlum olub ki, bu il yanvarın 3-də o, həmkəndlisinə xəsarət yetirməkdə ittiham edilib.