BAKI, 22 iyun. TELEQRAF

Bakıda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət cərimə olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, “Teymuroğlu Construction” Mənzil Tikinti Kooperativində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi araşdırma aparıb.

Məlum olub ki, MTK-nın işçisi Ə. Əsgərxanov əmək funksiyalarının icrası zamanı bədbəxt hadisə nəticəsində ölüb.

Təhqiqat zamanı Əsgərxanovun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi məlum olub.

Nəticədə Mənzil Tikinti Kooperativi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilib.

MTK-nın nümayəndəsi bildirib ki, işçi ilə əmək müqaviləsi 2026-cı il tarixdə bağlansa da, onun işə çıxma vaxtı başqa vaxt olub: “Sığorta müqaviləsinin bağlanılmasına çalışılsa da, sistemdəki xəta səbəbindən, “Atəşgah Siğorta”nın ödənişi nağd qaydada tələb etməsi ucbatından müqavilə yalnız 15 yanvar tarixində bağlanılıb. Hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Şirkət tərəfindən vətəndaşın ailəsinə lazımı yardım edilib”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 5 min manat məbləğində cərimə olunub.