BAKI, 27 iyun. TELEQRAF
“İlk döyüşüm UFC-də və vətənimdə, millətimin qarşısında idi. Bu, mənim üçün böyük motivasiyadır. Qələbə ilə bitirmək qürurverici hissdir”.
Teleqraf xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirində debüt edən Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanı (77,33) məğlub etdikdən sonra mətbuat konfransında deyib.
UFC-də debüt döyüşünə çıxan Həsənov qələbəyə görə Azərbaycan xalqına təşəkkür edib:
“Əla hiss edirəm. Hər kəsə təşəkkür edirəm. Millətimi, vətənimi sevirəm. Bütün Azərbaycan xalqına təşəkkür edirəm”.
Döyüşçü qarşılaşmanı vaxtından əvvəl bitirmək istədiyini, lakin buna mane olan bəzi səbəblərin olduğunu bildirib:
“Əlbəttə, vaxtından əvvəl bitirməyi düşünürdüm. Sadəcə, kampda bəzi zədələrim oldu. Döyüşdən əvvəlki həftə də xəstələndim. Amma şükür Allaha, qalib ayrıldıq. Üç raund döyüşdük, əsas qələbədir”.
Həsənov rəqib üzərində üstünlük qurduğunu vurğulayıb:
“Birinci raundda onu yerə yıxdım, zərbələr vurdum, qaşını açdım. Rəqib yaxşı idi, yaxşı hazırlaşmışdı. Amma üç raundun üçündə də onu yerə yıxdıq. Kontrol bizdə oldu. Şükür Allaha, hər şey əladır”.
Azərbaycanlı idmançı UFC ilə müqaviləsinin müddətini də açıqlayıb:
“UFC ilə dörd döyüşlük müqaviləmiz var. Bu döyüşü şükür Allaha qələbə ilə bitirdik. İnşallah, növbəti üç döyüşdə də uğurlu çıxış edərik”.
Fərman Həsənov hazırlıq prosesinin bir hissəsini ABŞ-də keçdiyini qeyd edib:
“Biz onsuz da Amerikaya gedib-gəlirik. Təlim-məşq toplanışlarını orada edirik. Üç həftə əvvəl İbrahim müəllimlə birlikdə Mayamidən qayıtmışıq. Amma köçmək məsələsinə gəlincə, bizim yeməklər orada yoxdur. Getsək də, yenə bura qayıdırıq”.