BAKI, 11 iyun. TELEQRAF

“İstanbul Çarşı İmport Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) əmək hüquqlarını pozmaqda ittiham edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, vətəndaş işdən qanunsuz çıxarılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edib.

İdarədə aparılan araşdırmalardan sonra MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib olunub.

Protokolda qeyd edilib ki, vətəndaşın müraciəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “İstanbul Çarşı İmport Eksport LTD” MMC-yə məktub göndərilib və müraciətə dair sənədlərin 7 iş günü müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə verilməsi tələb olunub. Amma müvafiq sənədlər MMC tərəfindən təqdim edilməyib.

MMC-nin nümayəndəsi izahatında qeyd edib ki, sorğu məktubundan xəbərsiz olublar. Həmçinin bildirilib ki, şikayət etmiş işçinin bütün tələbləri tam təmin olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC 2000 manat miqdarında cərimə edilib.

Qərara əsasən, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən “İstanbul Çarşı İmport Eksport LTD” MMC-yə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilib.

Bundan əlavə MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət təyin edilib.

Həmçinin hüquqpozmanı aradan qaldırdıqda həmin müddət 1 ay ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda, inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi “İstanbul Çarşı İmport Eksport LTD” MMC-yə zah edilib.

Qeyd edək ki, “İstanbul Carşı İmport Eksport” şirkəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 000 manatdır. Şirkətin qanuni təmsilçisi Ağayev Firuz Yavər oğludur.