Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri son illərdə ikitərəfli münasibətlərin inkişafında ən əlamətdar hadisələrdən biri oldu. Strateji Gündəlik haqqında Birgə Bəyannamənin imzalanması və strateji dialoq mexanizminin işə salınması barədə razılaşma Azərbaycan-Almaniya əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə keçidini göstərir.

Qarşılıqlı əlaqələrin intensivləşməsi təkcə ikitərəfli münasibətlərin inkişafı ilə deyil, həm də beynəlxalq vəziyyətdəki əhəmiyyətli dəyişikliklərlə şərtlənir. Ukraynadakı silahlı münaqişə, Yaxın Şərqdəki böhran, Avropa enerji arxitekturasının transformasiyası, qlobal logistika marşrutlarında dəyişikliklər və Cənubi Qafqazın artan geosiyasi rolu Bakı ilə Berlin arasında əməkdaşlığın gücləndirilməsi üçün yeni şərait yaradır.

Bu gün Azərbaycanın Cənubi Qafqazda sabitliyin və iqtisadi inkişafın əsas mərkəzlərindən biri rolunu oynaması və təklif etdiyi sülh gündəliyi Berlinin Bakı ilə əməkdaşlığı möhkəmləndirməsi təşəbbüsünün əsas amilidir. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və Ermənistanla sülh gündəliyinin inkişafı regional təhlükəsizlik arxitekturasını əhəmiyyətli dərəcədə dəyişdirir.

Almaniyanın tarixi hadisə kimi qiymətləndirdiyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda uzunmüddətli sabitləşmə üçün perspektivlər açır. Almaniya və Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında obyektiv maraqlara malikdirlər, çünki sabitlik ticarət, investisiya və nəqliyyat kommunikasiyalarının inkişafının açarıdır. Məhz buna görə də rəsmi Berlin danışıqlar prosesini ardıcıl olaraq dəstəkləyir və Azərbaycanı regionun təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi görür.

Digər tərəfdən, Rusiya qazının idxalını dayandırdıqdan sonra enerji təchizatının genişmiqyaslı şaxələndirilməsinə Almaniyanın böyük ehtiyacı yarandı ki, bu şəraitdə də məhz Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından birinə çevrilib. Ötən il Azərbaycan ilk dəfə Almaniyaya təbii qazın tədarükünə başlayıb. İmzalanmış on illik müqavilə ildə 1,5 milyard kubmetr ilkin tədarükü nəzərdə tutur ki, sonradan bu həcmin daha da artırılması mümkündür.

Təbii qazla yanaşı, Azərbaycan artıq Almaniyaya neft tədarük edir və gələcəkdə bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisini də ixrac etmək niyyətindədir.

Bu, üç əsas sahəni əhatə edən əlaqələr hərtərəfli - neft təchizatı; təbii qaz ixracı; yaşıl enerji və hidrogen layihələrinin inkişafı - enerji əməkdaşlığını şərtləndirir. Tərəflər həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsinə xüsusi diqqət yetirirlər.

Lakin ixracın daha da artması infrastruktur tutumu ilə məhdudlaşır. TANAP və TAP qaz boru kəmərləri tam layihə gücünə yaxın şəraitdə işləyir. Təchizatı artırmaq üçün yeni birləşdirici xətlərin çəkilməsi və mövcud magistral yolların genişləndirilməsi zəruridir ki, bunun üçün də Aİ-nin müvafiq qurumlarının daha çevik siyasət yürütməsi zəruruidir. Beləliklə, hazırkı enerji qeyri-sabitliyi kontekstində Avropanın enerji təhlükəsizliyinin təmin olunması daha praqmatik yanaşma tələb edir.

Sözsüz ki, Almaniyanın Azərbaycana marağı həm də beynəlxalq nəqliyyat marşrutlarının inkişafı kontekstində ölkəmizin artan əhəmiyyəti ilə şərtləndirirlir. Ənənəvi logistika marşrutlarında davam edən qeyri-sabitlik fonunda Çin, Orta Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən Orta Dəhlizində Azərbaycanın əsas nəqliyyat mərkəzinə çevrilməsi hamı tərəfindən birmənalı şəklidə qəbul olunur.

Azərbaycan son illərdə öz nəqliyyat infrastrukturunu əhəmiyyətli dərəcədə modernləşdirib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu nəqliyyatının və avtomobil yollarının imkanlarını genişləndirib. Azərbaycanın Orta Asiya Məsləhət Formatına tamhüquqlu üzvlüyünə qəbul edilməsi onun Orta Asiya ilə Avropa İttifaqı arasında körpü rolunu daha da gücləndirir. Almaniya üçün Orta Dəhlizin inkişafı strateji əhəmiyyət kəsb edir.

Alman sənayesi isə geosiyasi böhranlara minimal dərəcədə həssas olan davamlı və təhlükəsiz təchizat zəncirlərin yaranmasında maraqlıdır. Buna görə də nəqliyyat infrastrukturunun birgə inkişafı gələcək əməkdaşlığın ən vacib sahələrindən birinə çevrilir.Eyni zamanda, Azərbaycanın da Almaniyaya marağı bir neçə strateji məqamla izah olunur.

İlk növbədə, Almaniya Aİ-nin iqtisadi lokomitivi və dünyanın aparıcı sənaye güclərindən biri olaraq qalır. Mövcud iqtisadi çətinliklərə baxmayaraq, Almaniya iqtisadiyyatı yüksək texnologiyalar, maşınqayırma, rəqəmsallaşdırma, innovasiya və sənaye istehsalı sahələrində lider mövqelərini qoruyub saxlayır. Hazırda Almaniya ABŞ və Çindən sonra dünyanın 3-cü ən böyük iqtisadiyyatına malikdir.

Bu sahələrdə əməkdaşlıq Azərbaycan üçün xüsusilə vacibdir. Süni intellektin, rəqəmsal iqtisadiyyatın, sənaye avtomatlaşdırmasının, kadr hazırlığının və müasir istehsal texnologiyalarının inkişafı ikitərəfli tərəfdaşlığın yeni bir sahəsinə çevrilə bilər.

Əlavə amil Almaniyanın Aİ daxilində artan siyasi roludur. Son illərdə Berlin həm ümumavropa təhlükəsizlik siyasətinə, həm də Aİ-nin xarici siyasət strategiyasının formalaşmasında təsirini xeyli gücləndirib. Fransanın siyasi nüfuzunun azalması fonunda Almaniya getdikcə Avropada strateji qərar qəbuletmənin əsas hərbi-siyasi mərkəzinə çevrilir. Bu baxımdan, Berlinlə münasibətlərin gücləndirilməsi eyni zamanda Azərbaycanın Avropa İttifaqı təsisatları ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin Berlinə səfərinin mühüm nəticələrindən biri Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması oldu.

Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Yeni bəyannamənin imzalanması qarşılıqlı investisiyaların genişləndirilməsini, ixtisaslaşmış işçi qruplarının fəaliyyətə başlamasını və alman biznesi üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.

Alman investorları üçün əlavə stimul ola biləcək Azərbaycan tərəfindən təklif olunan investisiya proqramı xüsusi maraq doğurur. Cənubi Qafqazın sabitləşdirilməsi uzunmüddətli investisiya layihələrinin həyata keçirilməsinin siyasi risklərini əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən, Azərbaycanın sülh gündəliyi iqtisadi əməkdaşlığın inkişafına birbaşa töhfə verir.

Azərbaycan-Almaniya münasibətlərindən iqtisadi mövzudan əlavə siyasi dialoq da mühüm əhəmiyyət kəsb edir. Son bir ildə iki ölkənin parlamentləri arasında əlaqələr xeyli intensivləşib, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilk dəfə Azərbaycana dövlət səfəri edib və müxtəlif səviyyələrdə çoxsaylı məsləhətləşmələr aparılıb.

Berlində imzalanan sənədlər və işçi qruplarının yaradılması siyasi bəyanatlardan əldə edilən razılaşmaların praktiki şəkildə reallaşıdırlmasına keçid imkanı yaradır.
Daha dəqiq desək, Azərbaycanın Cənubi Qafqazdakı sülh gündəliyi və Almaniyanın Avropa İttifaqındakı iqtisadi-siyasi mərkəz rolunu oynaması ikitərəfli münasibətlərin yeni keyfiyyət müstəvisinə yüksəlməsini şərtləndirən əsas amillərdir.

Sahil İsgəndərov, politoloq