BAKI, 28 iyun. TELEQRAF

Hindistanın Bakıdakı Səfirliyi iyunun 27-də Hindistan Evində Beynəlxalq Yoqa Günü (IDY) 2026 tədbirlərinin uğurla başa çatması münasibətilə jurnalistlər və sosial media influenserləri üçün xüsusi “Power Yoga” sessiyası təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Azərbaycanın aparıcı media nümayəndələrinin iştirak etdiyi bu görüş Hindistan və Azərbaycan arasında mədəni anlaşmanın təşviqində və dostluq əlaqələrinin möhkəmləndirilməsində medianın rolunu vurğulamaq məqsədi daşıyıb.

Tədbirin əsas hissəsini Hindistanın Azərbaycandakı səfiri Abhay Kumarın rəhbərliyi ilə keçirilən dinamik yoqa sessiyası təşkil edib. Ümumi Yoqa Protokolu əsasında hazırlanan proqram çərçivəsində müxtəlif yoqa asanaları (vəziyyətləri), nəfəs məşqləri və meditasiya icra olunub.

İştirakçıları salamlayan səfir Abhay Kumar Səfirliyin təşəbbüslərinin işıqlandırılmasına göstərdikləri davamlı dəstəyə görə media nümayəndələrinə təşəkkür edib. Diplomat yoqanı Hindistanın dünyaya bəxş etdiyi dəyərli irs kimi xarakterizə edərək, onun həm fiziki, həm də psixoloji rifahı inkişaf etdirdiyini bildirib.

Səfir yoqa ilə media arasında maraqlı paralellər apararaq qeyd edib:

"Yoqa bədəni, zehni və ruhu birləşdirdiyi kimi, media da ideya və informasiya mübadiləsi vasitəsilə insanları, cəmiyyətləri və xalqları bir araya gətirir. Həm yoqa, həm də məsuliyyətli jurnalistika cəmiyyətlər arasında körpülər qurmaq, dialoqu təşviq etmək, qarşılıqlı hörməti gücləndirmək, sülh və anlaşmanı inkişaf etdirmək gücünə malikdir".

Abhay Kumar bu il Beynəlxalq Yoqa Gününə dünyada rekord sayda insanın qoşulmasının onun universallığını göstərdiyini vurğulayıb və Azərbaycanın bu təşəbbüslərə göstərdiyi maraqdan məmnunluğunu ifadə edib.

Media nümayəndələri isə öz növbələrində interaktiv formatda təşkil olunan tədbirə görə Səfirlik rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. İştirakçılar yoqanın Azərbaycanda getdikcə daha çox populyarlıq qazandığını, yaşından və peşəsindən asılı olmayaraq sağlam həyat tərzinin təşviqi baxımından təsirli bir vasitə olduğunu diqqətə çatdırıblar.